BIOQRAFIYA

Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə (Sisyan) rayonunun Urud kəndində anadan olmuşdur. 1973-cü ildə Bakı şəhəri 8 nömrəli tibb məktəbini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib, botanika ixtisası almışdır. 1979-1982-ci illərdə AMEA-nın Botanika İnstitutunun aspiranturasında əyani təhsil almış və 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkiliyi və onun fitomeliorativ əhəmiyyəti" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi, 2004-cü ildə "Atropatan əyalətinin flora və bitkiliyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək biologiya elmləri doktoru elmi adını almışdır. Həmin ildən BDU-nun professorudur.
Erməni xislətli bəzi botanik alimlər Atropatanı qondarma Erməni-İran əyalətinin tərkibində yarıməyalət adlandırmışlar. Qurbanov E.M. uzun müddətli araşdırmaları nəticəsində elmi əsaslarla sübut etmişdir ki, Atropatan ərazisi böyüklüyünə və növəmələgəlmə mərkəzlərindən biri olmasına və digər elmi əsaslarla Atropatanı yarıməyalət statusundan çıxararaq İran-Turan vilayətinin tərkibində sərbəst əyalət olduğunu sübut etmişdir.
Onun elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyi və bitki örtüyünün öyrənilməsi ilə əlaqədardır. E.M. Qurbanovun elmi tədqiqatları ilə yanaşı pedaqoji fəaliyyəti də təqdirə layiqdir. O, 1988-ci ildən Botanika kafedrasının müəllii, baş müəllimi və 1992-ci ildən Botanika kafedrasının müdiri vəzifəsində işləyir, 2005-ci ildən isə Bakı Dövlət Universitetində professor vəzifəsində çalışır. "Bitki morfologiyası", "Ali bitkilərin sistematikası", "Yerli flora", "Bitki örtüyünün mühafizəsi", "Meşəçilik" və s. fənlərdən mühazirələr oxuyur.
E.M. Qurbanov 250 elmi əsərin (o cümlədən 80-ni xaricdə), 12 kitabın, 40-dan artıq tədris proqramlarının və metodik göstərişlərin, 4 müəlliflik şəhadətnaməsinin müəllifi və 15 kitabın elmi redaktorudur. O, dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarında (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cümhuriyyətinin bir çox Universitetlərində), Gürcüstanda, İran-İslam Respublikasında) çıxış etmişdir. E.M. Qurbanovun müəllifliyi ilə "Azərbaycanın Qırmızı Kitabı"nın (II cildlik) 2-ci nəşri çap olunmuşdur.
E.M. Qurbanov onlarla doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olmuş, onun rəhbərliyi altında 30-dən çox magistrant və 10 doktorantı fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. 2 fəlsəfə doktorantının işi Müdafiə Şurasına təqdim etmək üçün hazırlanmış, hazırda 5 doktorantın elmi rəhbəridir.
E.M. Qurbanov AMEA-nın Dendrologiya İnstitutunda elmi şuranın, ADPU-nin nəzdində fəaliyyət göstərən B/D.02.061 doktorluq müdafiə şurasının üzvüdür, AMEA-nın "Botanika" ixtisası üzrə Problem şurasının sədr müavinidir, 2008-ci ildən AMEA-nın Dendrologiya İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışır, Biologiya fakültəsində "Botanika", "Mikologiya", "Mikrobiologiya" və "Ətraf mühitin idarə edilməsi və bioloji monitorinq" ixtisasları üzrə magistrantların Dissertasiya Müdafiə Şurasının sədri, BDU-da dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün yaradılmış seçki komissiyasının katibi, BDU-nun Böyük Elmi Şurasının üzvü və BDU-nun Elmi Şurasının Baş Elmi katibi vəzifəsində çalışır.
E.M. Qurbanov yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə "İlin alimi", pedaqoji fəaliyyətinə görə 2010-cu ildə "İlin müəllimi" fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən "Tərəqqi" medalı ilə təltif olunmuşdur.
E.M. Qurbanovun son zamanlar (2009, 2010, 2012) apardığı elmi-tədqiqat işləri dəfələrlə mühüm nəticə kimi AMEA-nın hesabatına daxil olunmuşdur.
2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü olmuşdur. 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

Daha

Гурбанов Эльшад Меджнун оглы

Имя и Фамилия: Гурбанов Эльшад Меджнун оглы
Научное звание и должность в БГУ на данный момент: Доктор биологических наук, профессор, заведующий кафедрой ботаники



Гурбанов Эльшад Меджнун оглы

Daha